Selektiv Mutizm, Əlamətləri Və Müalicəsi

 In ⁠⁠⁠Anksiyete, Nitq Terapiyası, Nitq və Danışma, Sosial Fobiya, Uşaq Psixologiyası

Selektiv Mutizm Nədir?

Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma” uşağın tanıdığı mühitdə danışmasına baxmayaraq digər sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yad insanlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki, hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda uşaqlardakı utancaqlıqla qarışdırılır. Lakin normalda uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, böyüklərlə ünsiyyət qurduğu halda selektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur.

Selektiv mutizmli uşaq və yeniyetmələr danışma və ünsiyyət qurma gözləntisinin olduğu mühitlərdə çox ciddi bir sosial təsir qorxusuna sahib olurlar. Bu səbəblə bu uşaqların olduğu mühitdə digər insanların uşağın özünü rahat hiss etməsi üçün əlindən gələni etməli və uşağa ünsiyyət qurmasına təzyiq göstərilməməlidir.

Neçə yaşında diaqnoz qoyulur?

Selektiv mutizm ümumiyyətlə 3-8 yaş aralığında diaqnoz qoyulur. Bu uşaqların keçmişinə baxdıqda genetik olaraq və çox kiçik yaşlardan yaşadıqları təcrübələr səbəbi ilə narahatlığın əlamətlərini göstərdikləri, ancaq yetkinlər tərəfindən sadəcə “utancaq” olaraq adlandırdıqları görülür. Xüsusi ilə məktəb həyatı ilə daha da müəyyənləşən simptomlar sayəsində müəllimlər tərəfindən hiss olunur. Selektiv mutizm haqqında araşdırmaların az  olması səbəbi ilə bu sahə ilə əlaqədar mütəxəssislər də çox az saydadır. Bu səbəbdən də selektiv mutizmdən əziyyət çəkən uşaqlar ailələr, müəllimlər və hətta bəzi mütəxəssislər tərəfindən sadəcə utancaq olaraq qeyd edilir. Ancaq bu onlara qarşı çox yanlış bir davranışdır.

Yaşanılan psixi travma (yaxın adamın ölməsi, təcavüz, maşın qəzası, valideynlərin boşanması, yaşayış sahəsinin dəyişdirilməsi və s.) və ya valideynlərin çox nəzarətçi və mükəmməlliyyətçi olması kimi səhv ana-ata tutumları uşağın bəzi ortamlarda danışmamasına səbəb olur. Bu hal sonradan onlarda ünsiyyətə soyuqluq yarada bilir.

Erkən diaqnoz nədən vacibdir?

Selektiv mutizmə dair araşdırmaların nəticələri müalicəyə ən erkən cavab ala  bilmək üçün ən erkən yaşda müəyyən olunmasının əhəmiyyətini xüsusi ilə qeyd edir.

Uşaq nə qədər uzun illər səssiz qalırsa, təkrar danışmasını təmin etmək də o qədər çətin olur.

Selektiv mutizmin əlamətləri

Bu uşaqların əksəriyyətində narahatlığa genetik meylli olduqları aşkarlanmışdır. Xüsusilə bu uşaqlar uşaqlıqlarında ayrılma təşvişi, tez-tez əsəb və ağlama krizləri keçirmiş, yuxu problemləri yaşamış və temperament olaraq həddindən artıq utancaq uşaqlar olaraq xarakterizə edilmişdir.

Lakin unudulmaması lazım olan əhəmiyyətli nüanslardan biri də danışmağa erkən başlamış və hər hansı bir nitq qüsuru olmayan uşaqlarda da bu problem görülə bilir.

Selektiv mutizm diaqnozu qoyulmuş uşaqların ümumi xüsusiyyətləri:

  • İlk əlamətlər 1-3 yaş arasında özünü göstərir. Utancaqlıqdan, kütlə qorxusu və xüsusi ilə sosial mühitlərdə danışmaqdan çəkinmə əsas əlamətlərdir.
  • Uşaq başqa məkanlarda danışarkən, bir qrup sosial mühitdə davamlı səssizlik nümayiş etdirir. Uşağın ailə mühiti kimi ünsiyyətə girəcəyi insanları tanıdığı və özünü güvəndə hiss etdiyi ictimai sahələrdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosial mühitlərdə danışmır.
  • Uşağın danışmaması onun təhsili, peşə və sosial münasibətlərini zədələyir.
  • Bu problem ən az 1 ay davam edir ( Məktəbə başladıqdan sonrakı ilk 1 ay istisna olmaqla).
  • Danışmamaq danışılan dili bilməmə və ya o dili rahat istifadə edə bilməmə ilə bağlı deyildir.
  • Mutizmli uşaqlar sizin gözünüzə baxmaqda çətinlik çəkir və sizə əsəbi, özünəqapanıq, aqressiv, tərs, isterik, utancaq təsiri bağışlaya bilirlər.
  • Bu problem bir ünsiyyət pozuntusu (məsələn, kəkələmə), inkişaf pozuntusu və ya digər problemlə izah oluna bilməz.

Selektiv mutizmli uşaqların davranış xüsusiyyətləri:

  • Sosial olaraq geri çəkilmə
  • Həddindən artıq utancaqlıq
  • Qarşı qoyma davranışı
  • Mükəmməlliyyətçilik
  • Nitq pozuntusu

Valideynlər uşaqlarında selektiv mutizmdən şübhələndikdə nə etməli?

Ailələr əvvəlcə uşağın danışması üçün bütün təzyiq və gözləntiləri aradan qaldırmalıdırlar. Xüsusi ilə, uşaqlarına onları başa düşdüklərini və bu çətin dövrdə onlara kömək edəcəklərini deməlidirlər. Bu müddətdə uşağın bütün səyləri və nailiyyətləri tərif olunmalı, çətinlikləri və sıxıntıları ilə mübarizədə kömək olmalıdırlar. Bütün bunlarla bərabər problem ilə əlaqədar mütəxəssisdən mütləq dəstək alınmalıdır.

Mutizmli uşaqlar nitq bacarığına sahibdirlər. Ancaq bu bacarığı özləri üçün doğma olmayan yerlərdə, müəyyən yerlərdə və ya müəyyən insanlara qarşı nümayiş etdirmirlər.  Səssiz qalırlar və nəticədə yalnız jest və mimikalarla və ya yazılı olaraq ünsiyyətə daxil olurlar. Lakin bu səssizlik uşağın özünü güvəndə hiss etdiyi, tanımadığı insanların əhatəsində özünü göstərmir. Bu vəziyyət çox zaman ailə daxilində baş verir. Uşaq evdə susmaz, davamlı danışır. Utancaqlıq əlamətləri də müşahidə olunmur.

Bağçaya və məktəbə başlanğıc uşaqlar tərəfindən narahat verici bir hal kimi qəbul olunur. Bəzi uşaqlar məktəbin ilk günlərində tək bir söz belə demirlər. Bu hadisə mütləq bir nitq qüsuru olaraq qəbul edilməməlidir. Bu halın problem olaraq görülməsi üçün uzun müddət davam etməsi lazımdır. Normal şəraitdə bu dövr ən az bir ay davam etməlidir.

Selektiv mutizmin müalicəsi

Selektiv mutizm bir təşviş pozuntusu olduğuna görə müalicənin hədəfi də əvvəlcə həyəcanı azaltmaq, özgüvən və özünəhörməti yüksəltmək və sosial mühitdə rahatlığı təmin etməyə çalışmaqdır.

Selektiv mutizmli uşaqlar  müalicə edilmədiyi təqdirdə yeniyetməlik dövrünə qədər sosial inkişafları ciddi şəkildə zərər görür, akademik olaraq uğursuz, özgüvən problemləri olan, sosial olaraq təcrid olunmuş və özünəqapanıq olan, yetkinlikdə sosial və peşə baxımından qeyri-kafi, təşviş pozuntusu və ya depresyona meylli olan insan halına gəlmələri ehtimal olunur. Bu səbəblə valideynlərin övladlarında bir və ya bir neçə mühitdə danışmama halı müşahidə etdikləri an vaxt itirmədən mütəxəssisə müraciət etməlidirlər.

 

 

 

 

Nigar Quliyeva, Uşaq Psixoloqu

Recent Posts

Leave a Comment