Dizartriya Nədir və Dizartriyanın Müalicəsi

 In Nitq Terapiyası, Nitq və Danışma

Dizartriya latın sözü olub nitqin tələffüzünün pozulması deməkdir. Əsas qüsur artikulyar aparat ilə bağlı olur. Dizartriyanın yaranma səbəbi danışarkən istifadə edilən üz əzələlərinə nəzarət edilməsində çətinlik yaranması ya da əzələlərin zəif olmasıdır. Orqanın çatışmazlığı nitqin, səsin tələffüzünün pozulmasına gətirib çıxarır. Bu zaman isə nitqin tempi, ritmi, intonasiyası da pozulur.

Nevroloji nöqteyi-nəzərdən dizartriya bulbar, psevdobulbar, qabıqaltı və qabıq növlərinə ayrılır.

Bulbar dizartriya uzunsov beyinin xəstəliyi və ya şişi zamanı əmələ gəlir. Bu halda orada yerləşən kəllə beyin hərəki sinirlərinin nüvəsi pozulur. Dizartriyanın bu forması üçün udlağın, qırtlağın, dilin, yumşaq damağın iflici və ya parezi xarakterik haldır. Bu defektlə olan uşaqlarda bərk və yumşaq qidanı udma, çeynəmə pozulur.

Dizartriyanın psevdobulbar formasına uşaqlar arasında tez-tez rast gəlmək olur. Psevdobulbar dizartriya erkən uşaqlıq, doğuş və ya ana bətni dövründə ensafalit, doğuş travması, şiş, və s. nəticəsində beynin zədələnməsindən əmələ gəlir.

Qabıqaltı dizartriya baş beyinin qabıqaltı düyünlərinin zədələnməsi ilə əmələ gəlir. Qabıqaltı dizartriyanın xarakterik təzahürü əzələ tonusunun pozulması və hinerkinesiyadır. Hinerkinesiya-uşağın nəzarət edə bilmədiyi zoraki qeyri-iradi hərəkətdir. Bu hərəkətləri sakit vəziyyətdə də müşahidə etmək olur, nitq aktları zamanı isə daha da güclənir.

Qabıq dizartriyasının ayrılması və başa düşülməsində böyük çətinliklər olur. Bu forma zamanı artikulyasiya aparatının sərbəst hərəkəti pozulur. Qabıq dizartriyası səs tələffüzü sahəsindəki ifadəsinə görə motor alaliyanı xatırladır. Lakin motor alaliyadan fərqli olaraq bu formalı dizartrik uşaqlarda nitqin leksik-qrammatik tərəfinin inkişafında pozğunluq müşahidə olunmur.

Dizartriya həm yüngül həm də ağır formada ola bilər. Dizartriyanın yaranma səbəbləri bunlardır:

  • Mərkəzi sinir sisteminin orqanik zədələnməsi;
  • Hamilə vaxtı anadan olan kəskin xronik infeksiyalar;
  • Oksigen çatışmazlığı;
  • Hamiləlik toksikozu;
  • Doğuş zamanı aldığı travmalar;
  • Qan uyğunsuzluğu.

Dizartriyanın sıx görülən səbəbləri beyin ziyanı, şişi, üz iflicinə səbəb olan vəziyyətlərdir.

Dizartriyanın əlamətləri:

  • Danışığının sürətinin yavaş olması;
  • Pıçıltıdan daha yüksək səslə danışmaq;
  • Başa düşülməsi çətin olan sürətdə danışmaq;
  • Davamsız və ya anormal danışıq tərzi;
  • Dil və ya üz əzələlərini hərəkət etdirməkdə çətinlik.

Dizartriyanın korreksiya işi:

Dizartrik uşaqlarla loqopedik iş nitq defektinin quruluşuna, ümumi və nitq motorikasının pozulması mexanizminə, uşaqların şəxsi xüsusiyyətlərininin nəzərə alınmasına əsaslanır. Loqopedik işi kiçik məktəbəqədər yaş dövründən başlamaq lazımdır ki, nitq fəaliyyətinin daha mürəkkəb tərəfləri və əlverişli sosial adaptasiyanın tam inkişafı üçün şərait yaransın.

Dizartrik uşaqlarla loqopedik işin əsas vəzifələri:

  • Səs tələffüzünün, artikulyasiya motorikasının, nitq tənəffüsünün, nitq səslərinin qoyuluşu və möhkəmləndirilməsi;
  • Fonematik qavramanı inkişaf etdirmək, səs analizi vərdişlərini formalaşdırmaq;
  • Nitqin prosodik tərəfini normalaşdırmaq. Nitqin melodik ritmik və intonasion tərəfinin pozulmasını aradan qaldırmaq;
  • Nitqin ümumi inkişafdan qalmasının korreksiyası.

Loqopedik işin uğurlu olması dizartriyalı uşaqların vaxtında müayinəsindən, korreksiyasından və korreksiya işinin kompleks olmasından asılıdır.

 

 

Rəfiqə Bayramova, Loqoped

Recent Posts

Leave a Comment