Ailədə Qadına Qarşı Psixoloji Zorakılıq

 In Cinsi Problemlər, Cinsi Terapiya, Evlilik və Münasibət

Qadına qarşı zorakılıq tarix boyu yaşanıb və çox təəssüf ki , yaşanmağa da davam edir.  Son illərdə buna qarşı etirazlar geniş yayılmışdır. Ancaq hələ də səssizcə zorakılığa məruz qalan qadınlar çoxdur. Əsasən ailə daxilində yaşanan zorakılıq qadında və buna şahid olan ailənin digər üzvlərində ağır travmalar yaradır.

Ailə daxilində qadına qarşı zorakılıq ər və ya ailənin digər üzvləri tərəfindən (qaynana, qaynata, ana, ata və başqaları) tətbiq olunur. Zorakılıq sadəcə bir mənalı deyildir. Zorakılığın fiziki, cinsi və psixoloji növləri var. Fiziki və cinsi zorakılığın əlamətlərini ayırmaq mümkün olsa da, psixoloji zorakılığı müəyyənləşdirmək çətin olur. Çünkü psixoloji zorakılığın fiziki göstəriciləri yoxdur və çox zaman zorakılığa məruz qalan şəxs bunun zorakılıq olduğunun fərqində deyildir.

Psixoloji zorakılıq nədir?

Qadında qüsur və ya qüsurlar tapmaq və bunu davamlı vurğulamaq, xəstə düşüncəli olduğunu söyləmək, düşüncə və duyğularını gülünc qarşılamaq, bacarıqsız olduğunu söyləmək , qadının adından qərarlar vermək, yaxınları ilə görüşməyə icazə verməmək, təhqir və alçaldıcı sözlərdən istifadə etmək, yaxınlarına zərər verməklə qorxutmaq, qısqanmaq bəhanəsi ilə evdən çölə çıxarmamaq və ya çöldə gizlicə izləmək, evdəki paltarlarını yoxlamaq, çılpaq bədənini yoxlamaq, bədənində hər hansı izi başqa mənalara yozmaq, gün içərisində nə etdiyi haqqında suallar soruşmaq, telefonunu əlindən almaq, sosial hesablarını bağlatmaq, qapını kilitləyib çıxmaq və s. saymaqla bitməyən psixoloji zorakılıq nümunələri var .

Zorakılığa məruz qalan çox qadın düşünür ki, buna səssiz qalmaq lazımdır. Ailənin sirridir və ailə içərisində qalmalıdır. Buna görə bunu yaxınları ilə bölüşmür. Bəziləri də uşaqları üçün dözməli olduğunu düşünür. Halbuki anlamır ki, bu uşaq üçün ciddi travma, fiziki və psixoloji geriləməyə səbəb olur. Bəziləri isə, bu vəziyyətin psixoloji zorakılıq olduğunu bilmədikləri üçün mübarizə aparmaqda çətinlik çəkirlər. Onlar düşünürlər ki, özlərində olan qüsurdan dolayı bunlar olur və ya yoldaşı onu qısqandığı üçün o hərəkətləri edir .

Psixoloji zorakılığa məruz qalan qadınlarda özünə inamsızlıq, sosial bacarıqlarda geriləmə, düşüncə və duyğuların ifadəsində zəiflik, aqresiya və içinə qapanma yaranır.

Psixoloji zorakılığa məruz qalan şəxslər unutmamalıdır ki, səssiz qalmaq mənfi davranışları azaltmayacaq. Əksinə daha da artıra bilər. Bunun üçün xanımlarımız maariflənməli, bilik və bacarıqlarını artırmalıdır. Sosial əlaqələrini kəsməməlidir. Psixoloji zorakılıq olan yerdə zamanla fiziki zorakılıq da özünü göstərir. Bunun üçün mütləq yaxın gördüyünüz, dayaq olacağına inandığınız yaxınlarınıza sıxıntınızı paylaşın  və ən əsası polisə müraciət edin.

Əksəriyyətdə, zorakılıq tətbiq edən şəxslərdə aqressiya, üstünlük kompleksi, əsəbi idarə edə bilməmək, şəxsiyyət pozğunluqları, kənar şəxslərin təsirinə tez düşmək , özünə inamsızlıq, iş stresi və ailədə düzgün qurulmayan ünsiyyət görülür. Bunun üçün psixoloji yardım almaq lazımdır.

 

 

 

Aynurə Məmmədəliyeva, Ailə və Cütlük Psixoterapevti

Recent Posts

Leave a Comment